Qusar – Quba kanalizasiya kollektoru

qusar-kanalizasiyaLayihələndirilən Qusar-Quba kanalizasiya kollektoru Qusar şəhərində formalaşan  kanalizasiya sularının regional kanalizasiya sisteminə ötürülməsini təmin edir. Qusar-Quba kanalizasiya kollektorunun başlanğıc nöqtəsi 2 mənbədən kanalizasiya sularını qəbul edir:

1. “Şahdağ” Qış-Yay Turizm Kompleksindən;

2. Qusar şəhərindən.

Trassa boyu kollektora ətraf Qayakənd, Bala Qusar, Həsənqala, Çartəpə, Orta Xuc, Aşağı Xuc, Əlibəyqışlaq, Əliməmmədoba, Davudoba, Ərməkiqışlaq, Mirzəqasımlı, Hacıqaib kəndlərinin  və digər yaşayış məntəqələrinin gələcəkdə fəaliyyət göstərəcək kanalizasiya şəbəkələri qoşulacaqdır.

Kollektor ümumi uzunluğu 28 km olmaqla diametrləri 800 mm və 1 000 mm olan polad spirallı korige borularından və dəmir-beton borulardan layihələndirilmişdir. Kollektor özüaxımlı rejimdə layihələndirilmişdir.

Kollektor trassa boyu 3 çayı – Qusarçay, Quruçay və Qudyalçay çaylarını, həmçinin Samur-Abşeron kanalını kəsib keçir. Layihədə çayları və kanalı heç bir sifon yaratmadan keçməyi mümkün edən ən optimal dərinliklərdən istifadə edilmişdir.

Qusar-Quba kollektoru sonunda – 28 158 m-də kanalizasiya təmizləmə qurğularına gedən Quba-Xaçmaz kanalizasiya kollektoruna birləşdirilir.