Mühəndis axtarışları

1“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda mühəndis-axtarış işləri Geodeziya və Geotexnika şöbələri tərəfindən aparılır.

İnstituta Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri” fəaliyyət növü üzrə müddətsiz  089286 nömrəli lisenziya (29 mart 2016-cı il, qeydiyyat nömrəsi  İN/i-797/2016) verilmişdir.

İnstitut ayrı-ayrı dövlət təşkilatlarının, yerli və xarici kampaniyaların və fiziki şəxslərin müraciətləri əsasında Respublika ərazisində çöl-tədqiqat işləri, ölçmələr, ərazi və obyektlər haqqında  məlumatların toplanması, emalı və hazırlanması  sahələrində tələb olunan bütün işləri yerinə yetirir.

Geodeziya şöbəsi tərəfindən aparılan bütün geodeziya tədqiqat işləri və ölçmələr hal-hazırda qüvvədə olan dövlət və beynəlxalq standartlara və qaydalara uyğun olaraq həyata keçirilir.

Belə ki, fəaliyyət istiqamətləri üzrə İnstitutun  xidmətlərini bir neçə əsas istiqamətə bölmək olar:

-Tikinti sahəsinin və ərazi mühəndis şəbəkələrinin trassasının seçilməsində iştirak edilməsi;

– Yüksək dəqiqlikli nivelirləmə işlərinin aparılması;

–  1:10000-1:500 miqyasında mühəndis-topoqrafiya planlarının yeniləşdirilməsi;

– 1:2000-1:500 miqyasında topoplanalma işlərinin aparılması;

– Hündürlük-planalma geodeziya şəbəkəsinin yaradılması;

– Geodeziya istinad şəbəkələrinin yaradılması;

– Yerinə yetirilmiş çöl və kameral işlərinin yoxlanılmasının aparılması;

– Axtarış işlərinin yerinə yetirilmə dəyərinin tərtib edilməsi;

Bütün bu işləri yüksək səviyyədə yerinə yetirmək üçün İnstitut ən müasir cihaz və avadanlıqlarla,  müvafiq emal proqramları ilə təchiz olunmuşdur. Belə ki, hal-hazırda İnstitutda 4 ədəd Trimble R8 GNSS GPS,1 ədəd Trimble M3 Totalstation, 4 ədəd Leica firmasının istehsalı olan Totalstation (TS09, TS06, TS02, TC407), 3 ədəd Leica firmasının istehsalı olan NA-730 markalı nivelir (avtomatik kompesatorlu)  istifadə olunur. Bu cihazların texniki servisləri istehsalçı firmanın yerli filialı tərəfindən mütəmadi olaraq aparılır.

Geodeziya və topoqrafiya işlərində yerli lokal koordinat sistemindən deyil, beynəlxalq koordinat sistemi kimi qəbul edilmiş UTM (Univercal Transfer Merkator) və WGS1984 datumundan istifadə olunur. Respublika  ərazisindəki 37 stansiyadan ibarət AZPOS (Azerbaijan Positioning Observation System) istinad şəbəkəsi geodeziya işlərində koordinatların dəqiqliyini daha da gücləndirir. Bu sistem daimi olaraq Amerikanın GPS və Rusiyanın GLONASS peyk siqnallarını qəbul edir. AZPOS Azərbaycan Respublikası ərazisində geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. AZPOS istinad şəbəkələrinə qoşulmaqla koordinatların emalını həm  RTK (Real zaman kinematikası), həm də sonradan emal (post-procesing) etmək mümkündür. AZPOS şəbəkəsi məlumatları dəqiq vaxt rejimində RTK və Differensial Qlobal Naviqasiya Peyk sistemi vasitəsi ilə emal olunduqdan sonra  elektron formada ötürülür. Xəritə və planların tərtibi zamanı şərti yüksəklikdən deyil, Baltik dənizi mütləq yüksəkliyindən istifadə olunur ki, bu da ölkə ərazisində təyin olunmuş geodeziya istinad şəbəkələrinə uyğun gəlir.

Geodezik işlər 2 mərhələdə aparılır:

  1. Çöl geodeziya işləri
  2. Kameral hesablama işləri

Birinci mərhələdə topoqraflar geodezik alətlər vasitəsilə ərazidə ölçmələr aparır. Belə ki, topoqraf yer səthində nöqtələrin yüksəkliyini təyin etmək üçün nivelirləmə aparır, geodeziya istinad şəbəkələri qurur və buna uyğun olaraq topoqrafik planalma işlərini yerinə yetirir.

İkinci mərhələdə isə çöl işləri nəticəsində toplanılmış məlumatların kameral emalı aparılır. Kameral hesablama proqramları ilə çöl ölçmələri işlənərək kompüterdə rəqəmli formada ifadə edilib planlara çevrilir. Başqa sözlə desək, ərazinin rəqəmli planı yaradılır. Lazım gəldikdə isə rəqəmli planı çap edərək onun qrafiki təsviri alınır. Şöbədə istifadə olunan kameral hesablama proqramlarına Trimble Business Center, Excel, Netcad, Autocad, Microstation, Expert GPS  proqramları aiddir.

Hal hazırda hər hansı bir yerin plan və ya xəritəsini tərtib etmək üçün daha müasir üsullardan: aerofototopoqrafiyadan,aerokosmik üsullardan və kosmos serialı yerin süni peyklərindən istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, İnstitutda CİS-in yenilikləri geniş tətbiq olunur. Şöbədə işlər hazırlanan zaman 1:500, 1:2000, 1:10000, 1:25000, 1:50000, 1:100000 miqyaslı xəritələrdən istifadə olunur.

Geodezik və topoqrafik işlər aparıldıqdan sonra nəticə sifarişçiyə plan şəklində kağız üzərində, eləcə də elektron şəkildə təqdim edilə bilər. Topoplanalma miqyası isə sifarişçinin tələbatından və miqyasa olan tələblərindən asılıdır.

İnstitutun  kadr potensialı tapşırılan layihələr üzrə keyfiyyətli geodeziya və  topoqrafik işlərin aparılmasına imkan verir.

Geotexnika şöbəsi. Sifarişlər və Texniki tapşırıqlar əsasında, işin həcmindən asılı olaraq, mövcud Dövlət Texniki Norma, Qayda və Standartlarına uyğun texniki əmrnamə və ya proqram hazırlayır və bunlara uyğun aşağıdakı işləri yerinə yetirir:

– layihələndirilən ərazidə əvvəlki illərdə aparılmış tədqiqat işlərinin nəticələrinin, fond materiallarının toplanması və onların təhlil edilməsi;

– dağ qazma işlərinin növlərinin (quyu, şurf) müəyyən edilməsi, ilkin işlərin həcminin hesablanması;

– çöl işlərinin aparılması zamanı yarana biləcək hər bir məsələnin dövlət və yerli orqanlarla razılaşdırılmasında iştirak edilməsi;

– çöl şəraitində qruntların çöl və laboratoriya tədqiqatlarının (çaqıllı süxurların xəlbirlənməsi, suvurma, sutökmə, ştamp, pressiometr, statik, dinamik zondlama, SPT və s.) aparılmasının təşkil edilməsi və yerinə yetirilməsi;

– dağ qazmalarından qayda və tələblərə uyğun olaraq qrunt və su nümunələrinin, monolitlərin götürülməsinin, onların düzgün nəql olunmasının və laboratoriyaya çatdırılmasının təmin edilməsi;

– çöl işlərinin aparılması zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunmasına və ətraf mühitin mühafizəsi üzrə təlimat keçirilməsinə nəzarət edilməsi;

– çöl tədqiqat və laboratoriya sınaqlarının mövcud normativ sənədlərə, ГОСТ-lara, ASTM və BS standartlarının tələblərinə uygun aparılması;

– mövcud normativ və qaydalara əməl etməklə texniki hesabat hazırlanması.