“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun əməkdaşları Çində keçirilmiş seminarda iştirak etmişlər

Avqust ayının 17-dən sentyabr ayının 6-dək Çin Xalq Respublikasında Çin Kommersiya Nazirliyinin dəstəyi ilə “Asiya ölkələri üçün iqlim dəyişmələrinin təsirinin yumşaldılması” mövzusunda seminar keçirilmişdir. Seminarda iştirak etmək üçün “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi katibi Rəşail İsmayılov və Su mənbələrinin tədqiqi və işlənməsi şöbəsinin rəisi Elkin Rüstəmov Çin Xalq Respublikasında səfərdə olmuşlar.

Seminar inkişaf etməkdə olan ölkələrin Çinin iqlim dəyişmələri üzrə inkişaf təcrübəsi haqqında məlumatlandırılması və ölkələr üzrə bu sahədə qabaqcıl təcrübələrin müzakirəsi məqsədi ilə keçirilmişdir. Seminarda iqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi, iqlim dəyişmələri və beynəlxalq əməkdaşlıq, iqlim dəyişmələri və dayanıqlı inkişaf mövzuları ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Bundan əlavə seminar çərçivəsində Çin Xalq Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühit Mərkəzlərinə, Çin Meteorologiya Administrasiyasına və bir sıra tullantılardan təkrar istifadə müəssisələrinə səfərlər təşkil olunmuşdur.

Ümumilikdə 15 ölkəni təmsil edən 41 seminar  iştirakçıları arasında “Azərsu” ASC ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin də əməkdaşları iştirak etmişlər.

Seminar çərçivəsində iştirakçılar Çinin paytaxt Pekinlə yanaşı, Quanjou və Zhuhai  şəhərlərində də olmuşlar.