“Sənaye müəssisələrində tullantı sularının idarə edilməsi” mövzusunda tədbir keçirilmişdir.

ISI_2708 ISI_2746 ISI_2731

Oktyabrın 28-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində “Sənaye müəssisələrində tullantı sularının idarə edilməsi” mövzusunda tədbir keçirilmişdir.  BMT Sənayenin İnkişafı Təşkilatının “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal” (RSDTİ) proqramı çərçivəsində keçirilən tədbirdə dövlət təşkilatlarının, özəl şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçılarına Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bir il öncə – 28 oktyabr 2015-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleks istismara verilmiş bu kompleks dünyanın ən böyük ultrasüzgəc texnologiyasına əsaslanan qurğularından biridir və hazırda Abşeron yarımadasının içməli su təchizatında mühüm rol oynayır.

“Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal” proqramı milli koordinatoru Rauf Rzayev RSDTİ proqramı çərçivəsində görülmüş işlər barədə məlumat vermişdir. O, bildirmişdir ki, proqram enerji, xammal və materiallardan səmərəli istifadə, istehsalat tullantılarının azaldılmasını nəzərdə tutur.

Tədbirdə “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitunun mütəxəssisləri: baş elmi işçi t.e.d. Fazil Əbilov, elmi işçilər t.e.n. İosif Şəfizadə, Məmməd Hüseynzadə,  mühəndislər Günel Eldarova və  Aydan Qüdrətli iştirak etmişlər.

Elmi işçi, t.e.n. İosif Şəfizadə “Tullantı sulardan səmərəli istifadə üzrə müasir yanaşmalar və praktiki həllər” mövzusunda geniş məzmunda çıxış etmişdir. Baş elmi işçi t.e.d. Fazil Əbilov və elmi işçi Məmməd Hüseynzadə isə sənaye müəssisələrində yaranan tullantı sularının idarə edilməsi barədə məlumat vermişlər.

Tədbirdə sənaye müəssisələrində tullantı sularının ətrafa mühitə ziyan vurmadan idarə edilməsi imkanları müzakirə edilmiş, geniş fikir mübadiləsi aparılmışdır.