“Azərsu” ASC VII Azərbaycan Beynəlxalq Əraf Mühit Sərgisində təmsil olunur

16.11.2016

sergi-1 sergi-2 Sergi -3

Noyabrın 16-da Bakı Ekspo Mərkəzində 7-ci Azərbaycan Beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlamışdır. “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də İDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sərgidə xüsusi pavilyonla iştirak edir.

Pavilyonda yeni su mənbələri, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr, ekoloji tədbirlərlə bağlı stendlər, maketlər, videoçarxlar nümayiş etdirilir. Təqdim olunan sərgi materiallarında içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatlar əksini tapmışdır.

Ötən ilin oktyabrında istifadəyə verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi barədə iştirakçılara məlumat verilərək, bildirilmişdir ki, bu qurğunun inşasında ən son texnologiyalardan istifadə olunmuşdur. Burada emal olunan suyun ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətə malik olduğu xüsusi vurğulanmışdır.

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası da ziyarətçilərin marağına səbəb olmuşdur. Sərgi iştirakçılarının diqqətinə çatdırılmışdır ki, laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir avadanlıqları və cihazları quraşdırılmış və bütün bunlar analizlərin yüksək dəqiqliklə və operativ aparılmasına imkan verir.

Sərgi iştirakçılarının diqqətinə çatdırılmışdır ki, “Azərsu” ASC tərəfindən içməli suyun mənbədən götürülərək istehlakçılara çatdırılmasınadək, eləcə də tullantı suların idarəolunmasının bütün mərhələlərində ekoloji tələblərə ciddi riayət olunur.

Tullantı sularının optimal idarə edilməsi və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədi ilə çirkab suların təmizləyici qurğulara ötürülməsini təmin edəcək tunel tipli kanalizasiya kollektorlarının tikintisi intensiv şəkildə davam etdirilir.

“Azərsu” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiiyyət kəsb edir. Son illər idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılmış və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.

Noyabrın 18-dək davam edəcək sərgidə dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edir.