Su kimi saf bir ömür…

anim-2

Bu gün, tanınmış alim, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” və ən nəhayət hər birimizin böyük ehtiramla yad etdiyimiz Adışirin Ələkbərovun doğum günüdür. Yaşasaydı 61 yaşını qeyd edəcəkdik bu gün.

Adışirin Ələkbərov 25 noyabr 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışmış, 2006-cı ildən etibarən əmək fəaliyyətini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin müxtəlif strukturlarında davam etdirmişdir. 2014-cü ildən isə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.

Adışirin Ələkbərov Hidrogeoloqların Beynəlxalq Asossiasiyası, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyası, Dünya Su Şurası və digər bu kimi nüfuzlu təşkilatlara üzv olmuş, ölkəmizi bu sahədə layiqincə təmsil etmiş və Azərbaycanı dünyaya tanıtmışdır. Gördüyü işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2014-cü il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.  2016-cı il may ayının 2-də faciəli şəkildə vəfat etmişdir…

“Elm əqlin çırağıdır” demiş müdriklər. Adışirin müəllimin elmi çoxlarının ömrünə çıraq olmuşdur. Bu gün həmin çırağın işığında onun tələbələri, davamçıları addımlayır. Onun qoyub getdiyi ən böyük miras elmi əsərləri, fərqli mövzulara toxunulmuş məqalələri və dəyərli kitablarıdır. O Azərbaycan hidrogeologiya elmi sahəsində yeni bir cığır açdı.

O, ömrünü büsbütün elmə, elmini xalqına, millətinə sərf etmişdi. Təbiətin ən dəyərli neməti sudur. Həyatını büsbütün suya sərf etdi Adışirin müəllim. Ömrünü su kimi saf yaşadı, amma çox heyf ki, su qədər uzun olmadı ömrü.  Elə son mənzilə də su kimi axıb getdi aramızdan…

Ruhunuz şad olsun, Adışirin müəllim!

3 1