“Azərsu” ASC-nin nümayəndə heyəti Fransa və Macarıstanda işgüzar səfərdə olmuşdur.

25-26 noyabr 2016-cı il tarixlərində Fransanın Marsel şəhərində Dünya Su Şurasının 60-cı sessiyası keçirilmişdir. Sessiyada Dünya Su Şurasının İdarə Heyətinin üzvü, “Azərsu” ACS-nin sədri Qorxmaz Hüseynov, İşlər idarəsinin rəis müavini Rahid Fətəlizadə və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru Fərda İmanov iştirak etmişlər.

Tədbirdə Dünya Su Şurasının işçi qruplarının üzvləri 2016-cı ildə görülmüş işlər haqqında hesabat vermişlər. Eyni zamanda Şuranın növbəti il üçün planlaşdırdığı tədbirlər müzakirə olunmuşdur. “Azərsu” ACS-nin sədri Qorxmaz Hüseynov sessiyanın ilk günündə  çıxış edərək Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki hidrotexniki qurğuların, xüsusılə Sərsəng su anbarının bəndinin vəziyyəti və bu su anbarının düzgün istismar olunmaması ilə əlaqədar Azərbaycanın narahatçılığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Sessiyanın axırıncı günü Qorxmaz Hüseynov bir daha çıxış edərək Dünya Su Şurasının növbəti 61-ci sessiyasının Bakıda keçirilməsini təklif etmiş və bu təklif yekdilliklə qəbul olinmuşdur. Qərara alınmışdır ki, 61-ci sessiya Şollar-Bakı su kəmərinin 100 illik yubileyi ilə əlaqədar təşkil olunacaq Beynəlxalq Bakı su həftəsi çərçivəsində 17-18 mart 2017-ci il tarixlərində keçirilsin.

Sonra, “Azərsu” ACS-nin nümayəndə heyəti 28-30 noyabr 2016-cı il tarixlərində Budapeşt şəhərində keçirilən Budapeşt Su Sammitinə qatılmışlar. Bir çox ölkə prezidentləri, baş nazirləri və nazirlərinin yüksək səviyyəli panel iclasında “Azərsu” ACS-nin sədri Qorxmaz Hüseynov da iştirak etmişdir.

Su Sammiti çərçivəsində elmi konfrans keçirilmiş və sərgi təşkil olunmuşdur.