İnstitutda Məlumat saatı keçirilmişdir

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun müvafiq  əmri ilə İnstitutda  Məlumat saatının keçirilməsi Qaydaları təsdiq edilmişdir.

Qaydalara əsasən, Məlumat saatında həftə ərzində respublikanın ictimai-siyasi və iqtisadi həyatında baş verən yeniliklər, müvafiq sahə qanunvericiliyindəki dəyişikliklər və onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanun, Fərman və Sərəncamlar, Nazirlər Kabinetinin Qərar və Sərəncamları, “Azərsu” ASC-nin sədrinin əmrləri və təsdiq etdiyi normativ sənədlər, Cəmiyyətin göstəriş məktubları, İnstitut direktorunun əmrləri və təsdiq etdiyi sənədlər barədə qısa məlumat veriləcək, İnstitutun fəaliyyəti ilə bağlı müddəalar şərh ediləcək, cari işlərin, İnstitut üçün aktual hesab olunan məsələlərin müzakirəsi keçiriləcəkdir.

İnstitut əməkdaşlarının sayının çox olması, yaxud digər zəruri səbəblərdən Məlumat saatı məşğələlərinin bir auditoriyada keçirilməsi mümkün olmadıqda, Məlumat saatı İnstitut rəhbərliyinin, rəhbərlik yanında aparatın məsul işçilərinin, İnstitutun struktur bölmələrinin və vahidlərinin rəhbərlərinin, onların müavinlərinin, habelə baş və aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulmuşdur.

Əmrdə Məlumat saatının keçirilməsi növbə ilə İnstitutun rəhbər vəzifəli şəxslərindən birinə həvalə olunmuşdur. Bu məqsədlə İnstitutun Kadrlar şöbəsi tərəfindən hər ayın sonunda növbəti ay üçün Məlumat saatını keçirəcək şəxslərin siyahısı müəyyən olunaraq təsdiq üçün İnstitutun direktoruna (direktor müavininə) təqdim olunacaqdır.

İnstitutun direktoru və direktor müavinləri Məlumat saatı məşğələlərinin vaxtında və yüksək səviyyədə keçirilməsi üçün məsuliyyət daşıyırlar. İstehsalat zərurəti ilə əlaqədar olaraq ezamiyyədə olan, müvafiq qaydada təsdiq edilmiş qrafikə və ya siyahıya uyğun tədris proseslərində və digər tədbirlərdə iştirakı zəruri olan əməkdaşlar istisna olmaqla, İnstitutun digər əməkdaşları Məlumat saatı məşğələlərində iştirak etməsi nəzərdə tutulmuşdur.

Fevralın 28-də Məlumat saatının ilk məşğələsi keçirilmişdir.  İnstitutun direktoru, professor Yaşar Kəlbiyev Məlumat saatını açıq elan edərək belə bir qərarın qəbul edilməsinə gətirən amilləri vurğuladı, Məlumat saatının keçirilməsinin maarifləndirici missiya daşıması ilə bərabər İnstitut daxili koordinasiyanın möhkəmlənməsinə, vahid komanda formalaşmasına öz töhfəsini verəcəyini vurğuladı. Sonra İnstitutun elmi katibi Rəşail İsmayılov Məlumat saatının keçirilməsi Qaydaları ilə  məşğələ iştirakçılarını tanış etdi.

İlk Məlumat saatını keçirən İnstitutun direktoru son bir ay ərzində Respublikanın ictimai-siyasi həyatında baş verən yeniliklər,  qəbul edilmiş qanun və qərarlar, eyni zamanda  “Azərsu” ASC-də və İnstitutda  verilmiş əmrlər və keçirilmiş tədbirlər barədə iştirakçılara ətraflı məlumat verdi.

Sonda İnstitutun direktor müavinləri Adışirin Ələkbərov və Elşad Cavadzadə belə bir təşəbbüsün irəli sürülməsi və həyata keçirilməsinin təqdirəlayiq olduğunu söylədilər.