O həmişə xatırlanacaq…

03.05.2016

“Azərsu” ASC-yə ağır itki üz vermişdir. Cəmiyyətin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, tanınmış alim, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Respublikasının “Əməkdar mühəndisi” Adışirin Balaşirin oğlu Ələkbərov 2016-cı il mayın 2-də ömrünün 61-ci ilində faciəli şəkildə vəfat etmişdir.

  Adışirin Ələkbərov 1955-ci il noyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirdikdən sonra Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsində əmək fəaliyyətinə başlamış, 1976-1992-ci illərdə  geoloji-kəşfiyyat partiyalarında hidrogeoloq, baş hidrogeoloq, partiya rəisi  vəzifələrində işləmişdir. 1992-1993-cü illərdə Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi Hidrogeologiya Ekspedisiyasının rəisi, 1993-2002-ci illərdə Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi Hidrogeologiya və Mühəndis Geologiyası İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2002-2005-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi vəzifəsində fəaliyyət göstərmişdir.

    Adışirin Ələkbərovun əmək fəaliyyətinin 2006-cı ildən sonrakı dövrü “Azərsu” ASC ilə bağlı olmuşdur. 2006-2014-cü illərdə  “Azərsu” ASC-də baş mütəxəssis, şöbə rəisi, departament rəisinin müavini vəzifələrində çalışmış, 2014-cü ildən “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.

  1986-cı ildə geologiya-mineralogiya  üzrə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə edən alim Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aparıcı elmi işçisi idi.

Geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov Azərbaycan Respublikası ərazisinin hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji öyrənilməsi, yeraltı su yataqlarının ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadə olunması imkanlarının araşdırılması, ekzogen geoloji proseslərin tədqiqi, o cümlədən sürüşmələr, subasmalar, torpaq çökmələri, ətraf mühitin mühafizəsi məsələləri,   yeraltı suların monitorinqinin təşkili ilə bağlı tədqiqatlar aparmış, bu sahədə elmi işlərə rəhbərlik etmişdir.  Tanınmış alim çoxsaylı monoqrafiyaların, xəritələr atlasının, 70-dən çox elmi işin, 30-a qədər elmi-texniki hesabatın müəllifi olmuşdur. Professor Adışirin Ələkbərovun  fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikamızda elmin inkişafına sanballı töhfələr vermişdir. Onun tədqiqatları geologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət etmişdir.

Azərbaycan Respublikasının su ehtiyatlarının tədqiqi, içməli su mənbələrinin öyrənilməsi və işlənilməsi sahəsində Adışirin Ələkbərovun apardığı araşdırmalar ölkəmizin su təsərrüfatı sektoruna dəyərli töhfələr vermişdir.

Adışirin Ələkbərov Hidrogeoloqların Beynəlxalq Asossiasiyası, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyası, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların üzvü olmuş, ölkəmizi bu qurumlarda layiqincə təmsil etmişdir. Tanınmış alim dünyanın müxtəlif ölkələrində xidməti ezamiyyətlərdə olmuş, əldə etdiyi elmi nailiyyətlərə görə beynəlxalq mükafatlara layiq görülmüşdür.

Azərbaycanda elmin və su təsərrüfatının inkişafında səmərəli fəaliyyəti  daim yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2014-cü il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

Görkəmli alimin əziz xatirəsi elm ictimaiyyətinin və su təsərrüfatı işçilərinin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

“Azərsu” ASC-nin rəhbərliyi və kollektivi