Peşə bayramı qeyd edilmişdir

5 iyun – su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramıdır. Prezident  İlham Əliyevin  14 may 2014-cü ildə imzaladığı Sərəncamla  bu tarix  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi təsis edilmişdir.

Bu münasibətlə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edən su təsərrüfatı işçiləri daha sonra Şəhidlər xiyabanını ziyarət etmişlər.

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə Hyatt Recensi Baku” otelində “Azərbaycanın su təsərrüfatı və meliorasiya kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin ideyaları ilə bağlıdır” elmi-praktiki konfrans keçirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək bildirmişdir ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının   su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir. “Azərsu” ASC-nin sədri  Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladaraq   bu sahədə  ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışmışdır: “Ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına yönəlmiş layihələrin böyük bir hissəsi Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmişdir. Ümummilli liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su mənbələrindən istifadə sahəsində ciddi addımlar atılmışdır. Su təsərrüfatı sektorunun iri layihələrindən olan Oğuz-Qəbələ-Bakı magistral su kəməri ulu öndər Heydər Əliyevin ideyası əsasında möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikilib istismara verilmişdir. Dövlət başçısının iştirakı ilə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatında mühüm rol oynayır. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, hazırda şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələri uğurla davam etdirilir”.

“Azərsu” ASC-nin sədri bildirmişdir ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və Dövlət proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanmış və real işlərə başlanılımışdır. Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsi, həmçinin Ceyranbatan-Zirə magistral su kəmərinin inşası yarımadanın şərq hissəsində yerləşən qəsəbələrin və bağ yaşayış massivlərinin su təminatının yaxşılaşdırılmasını şərtləndirmişdir.  Ötən müddətdə Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan 37 Şərq və 82 Şərq anbar komplekslərində həyata keçirilən əsaslı yenidənqurma işləri nəticəsində Nizami, Xətai, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin olunmuşdur.

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin istismara verilməsinin Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun bir hissəsinin su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaratdığını vurğulayan Q.Hüseynov demişdir ki, bu imkandan istifadə edərək Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri tikilmişdir. Şirvan-Muğan kəmərinin 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar hissəsinin istismara verilməsi ilə Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinin sakinləri keyfiyyətli və dayanıqlı su ilə təmin olunmuşdur. Bu mənbədən Salyan şəhərinə suyun verilməsinə hazırlıq görülür. Kür sutəmizləyici qurğular kompleksindən çəkilmiş 62 kilometr uzunluğunda magistral kəmər Sabirabad və Saatlı şəhərlərinin içməli su problemini həll etmişdir.

Ölkə rəhbərliyinin tapşırığına əsasən, layihələrin icra edildiyi 43 şəhərin 14-də su və kanalizasiya, digər 8 şəhərdə isə su təchizatı sistemlərinin inşası yekunlaşmışdır. Suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılması məqsədilə yeni Mərkəzi Laboratoriya da yaradılmış və beynəlxalq akkreditasiyadan keçmişdir.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov son illər su təsərrüfatı və meliorasiya sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq qeyd etmişdir ki, bu sahədə görülmüş işlərin kənd təsərrüfatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Sonra A.Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxumuşdur.

Konfransda Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini  Məmməd Sadıq Quliyev  “Heydər Əliyev ideyaları  su təsərrüfatı və meliorasiya kompleksinin uğurlu inkişafının təminatçısıdır”, “Azərsu” ASC sədrinin müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov “İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması regionların inkişafının prioritet məqsədlərindəndir mövzularında məruzə etmişlər.

 

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin adından su təsərrüfatı və meliorasiya işçilərinə ünvanlanmış təbrik oxunmuşdur.

Tədbirdə konfrans iştirakçıları adından  Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Konfrans Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin fəaliyyətlərindən bəhs edən filmlərin nümayişi ilə başa çatmışdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 iyun 2016-cı il  tarixli sərəncamları ilə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu” ASC-nin 14 əməkdaşı fəxri adlar və medallarla təltif olunmuşlar. Təltif olunanlardan 2 nəfəri “Əməkdar mühəndis” adına layiq görülmüş, 12 nəfəri isə “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır.

Su təsərrüfatının inkişafında xüsusi xidmətlər göstərmiş və əmək fəaliyyətində fərqlənən 110 əməkdaş isə “Azərsu” ASC sədrinin əmri ilə Fəxri Fərmana layiq görülmüşdür.