Direktor müavini “İFAT 2016” sərgisində iştirak etmişdir

06.06.2016

ifat-330 may -03 iyun 2016-cı il tarixlərində Almaniyanın Münhen şəhərində ətraf mühit texnologiyalar üzrə “IFAT 2016” sərgisi keçirilmişdir. Sərgidə iştirak etmək üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərdən ibarət olan nümayəndə heyəti Almaniyada səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibində “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun layihə işləri üzrə direkor müavini Elşad Cavadzadə də iştirak etmişdir.

Nümayəndə heyəti su təchizatı, tullantı və yağış sularının təmizlənməsi üzrə sistemlərin yenilikləri ilə tanış olmaqla yanaşı, mikro-tunel çəkmə, suyun analizi üzrə ölçü və nəzarət texnologiyası, eləcə də su nasosları, borular, nasos sistemləri, informasiya texnologiyaları sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqlarla yaxından tanış olmuşlar. Dünyanın nüfuzlu şirkətlərinin təmsil olunduğu sərgidə “Azərsu” ASC-nin nümayəndə heyətinin üzvləri müxtəlif təşkilatların nümayəndə heyətlərinin üzvləri ilə  qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparmışlar.

Sərgidə iştirak edən mütəxəssislər tərəfindən Azərbaycanda içməli və tullantı sularının təmizlənməsi, nəqli və paylanması sahəsində görülmüş işlərlə bağlı xarici mütəxəssislərə ətraflı məlumat vermişlər.

Qeyd edək ki, “IFAT 2016” sərgisində 170 ölkədən 150 min nəfərə yaxın ziyarətçi iştirak etmişdir.