Təsisçidən

qorxmazhuseynov

 

 

 

 

 

 

 

Qorxmaz Hüseynov

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Ulu Öndər Heydər Əliyevin əsəri olan müasir müstəqil Azərbaycan davamlı inkişaf yolundadır. Dövlətimizin iqtisadi gücü ilbəil artır, xalqımızın rifahı yüksəlir. Son illərdə dünyanı bürümüş maliyyə-iqtisadi böhranın ölkəmizə ciddi təsir göstərməməsi də möhtərəm Prezident cənab İlham Əliyevin apardığı düşünülmüş və uzaqgörən siyasətin ən mühüm nəticəsidir. Bu siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar, nailiyyətlər, beynəlxalq aləmdə nüfuz və etimad qazandırır.

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaradılması və yenidən qurulması istiqamətində həyata keçirilən kompleks tədbirlər də müsbət nəticələr verməkdədir.

Azərbaycan Respublikası regionlarının, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələri, digər şəhər və rayon mərkəzləri, həmçinin bir sıra qəsəbə və kənd yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sürətlənmiş, mühüm əhəmiyyət kəsb edən iri layihələrin icrasına başlanılmış və bəzi layihələrin icrası başa çatdırılmışdır.

Layihələr köklü tədqiqatlara, elmi nailiyyətlərə, innovativ texnologiyalara əsaslanmaqla icra olunur. Bu məqsədilə “Azərsu” ASC-nin alim və mütəxəssisləri dünyanın müxtəlif ölkələrində su sektorunda əldə edilmiş nailiyyətlərin, innovativ texnologiyaların, yeni avadanlıqların öyrənilməsi və Azərbaycanda tətbiq edilməsi üçün səylə çalışırlar. Buna əyni sübut  “Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları, tullantı sularının təmizlənməsi və kənarlaşdırılması” Master Planıdır.

Bundan əlavə, Ceyranbatanda inşa olunan ultrasutəmizləyici qurğunun, Mərkəzi Laboratoriyanın və Təlim-Tədris Mərkəzinin  istifadəyə verilməsi, həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq memorandumlarının imzalanması aparılan elmi-tədqiqat işlərinin genişlənməsinə daha da böyük təkan verəcəkdir.

Eyni zamanda,  “Azərsu” ASC dünya su forumlarının, su ilə əlaqədar beynəlxalq sammitlərin, konqreslərin, konfrans və elmi-texniki seminarların fəal iştirakçısına çevrilmişdir. Cəmiyyətin əməkdaşları beynəlxalq su qanunvericiliyinin təkmilləşdirilməsinə, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinə, transsərhəd su obyektləri üzrə bir sıra beynəlxalq və regional layihə və proqramların hazırlanmasına öz töhfələrini verir, nüfuzlu elmi nəşrlərdə məruzə və məqalələrlə çıxış edirlər.

Bütün bunları nəzərə alaraq,  Azərbaycanda su sektorunda aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etirən elmi jurnalın təsis olunmasına ehtiyac duyulmuş, “Su problemləri: elm və texnologiyalar” jurnalı təsis olunmuşdur. Elmi məqalələrlə yanaşı, jurnalda dövlətimizin iqtisadi siyasətinin əsas istiqamətləri, ölkəmizin su və  kanalizasiya təsərrüfatının vəziyyəti, bu sahədə aparılan islahatlar, həyata keçirilən layihələr, həmçinin mövcud qanunvercilik aktları, yeni texnologiyalar haqqında məlumatlar yerləşdiriləcəkdir.

Göründüyü kimi, jurnalda 4 dildə – Azərbaycan, türk, ingilis və rus dillərində elmi  məqalələr dərc edilmişdir.

Redaksiya çalışmalıdır ki, jurnalın dizayn və çap keyfiyyəti, dərc edilmək üçün seçilən məqalələrin məzmunu və strukturu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elm nəşrlər üçün məyyənləşdirdiyi tələblərə cavab versin.

Ümidvaram ki, “Su problemləri: elm və texnologiyalar” jurnalı tezliklə  Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər sırasında öz yerini tutacaq, su sektorunda elm və texnologiyanın  yeni nailiyyətlərini əks etdirən elmi məqalələr dərc edəcək, beynəlxalq miqyasda uğur qazanacaqdır.

Jurnalın redaksiyasına və yaradıcı heyətinə uğurlar arzulayıram!