Ümumi məlumat

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu Azərbaycan Respublikasında yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin  tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır.

“Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu qanunvericilik çərçivəsində Abşeron Regional Səhmdar Su Cəmiyyətinin tərkibində (Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə Abşeron Regional Səhmdar Su Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır) 1961-cı ildə yaradılmış keçmiş “VODGEO” Elmi-Tədqiqat İnstitutu və 1990-cı ildə yaradılmış keçmiş “AzərbSETLİ” Elmi-Tədqiqat və Layihə İnstitutunun  birləşdirilməsi nəticəsində  6 avqust 1997-ci il tarixdə təşkil olunmuşdur.

İnstitutun əsas fəaliyyət istiqamətlərinə ölkənin yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin  layihələndirilməsi və texniki-iqtisadi əsaslandırmaların hazırlanması, Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası və beynəlxalq standartlara cavab verən  tikinti üçün kompleks mühəndis axtarışlarının aparılması, sahə üzrə elmi-tədqiqat işlərinin aparılması, normativ-hüquqi  sənədlərə uyğun olaraq idarə və müəssisələrin ekoloji, su təsərrüfatı  pasportlarının hazırlanması daxildir.

“Sukanal” ETLİ-nin tədqiqat sahəsinə yeraltı və səth suları əsasında müxtəlif tipli suqəbuledici qurğular, kanalizasiya kollektorları, drenaj  şəbəkələri, müxtəlif tutumlu içməli su anbarları, su və kanalizasiya nasos stansiyaları, ilk növbədə “Azərsu” ASC-nin tərkibinə daxil olan su təchizatı və kanalizasiya obyektlərinin istismarı ilə bağlı əsas və yardımçı bina və qurğuların layihələndirilməsi də daxildir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Lisenziyalaşdırma Qaydasına uyğun olaraq Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi və  müvafiq mühəndis-axtarış işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna 2016-cı ildə müddətsiz lisenziyalar verilmişdir.

İnstitutda geniş tərkibdə Elmi-Texniki Şura fəaliyyət göstərir.

İçməli və çirkab suların, qruntların beynəlxalq standartlara cavab verən  analizlərinin aparılması üçün İnstitutda müasir tədqiqat laboratoriyası fəaliyyət göstərir.

İnstitutun layihələndirmə prosesinin bütün mərhələlərində müasir kompüter proqramlarından istifadə olunur.

“Sukanal” ETLİ-nin  tərkibinə daxil olan elmi-tədqiqat və layihə bölmələrində müxtəlif ixtisaslardan olan mütəxəssislər çalışır ki, bunların da arasında 3 nəfər elmlər doktoru və 8 nəfər fəlsəfə doktoru (elmlər namizədi) vardır.

İnstitutda gənc mütəxəssislərin xüsusi çəkisi böyük yer tutur və onların bilik bacarığının artırılmasına xüsusi diqqət yetirilir. Belə ki, gənc mütəxəssislər “Azərsu” ASC tərəfindən təşkil olunmuş kurslarda və treninqlərdə aktiv iştirak edir, xaricdə öz ixtisasları üzrə təcrübə alırlar. İnstitutun bir qrup  gənc mütəxəssisi Türkiyənin İstanbul şəhərinin su təchizatı və kanalizasiya qurğuları ilə tanış olmuş, müvafiq kurslar keçmiş və beynəlxalq sertifikat almışdır.

İşlərində  əldə etdikləri uğur və  nailiyyətlərə görə İnstitutun 1 əməkdaşı 3-cü dərəcəli Əmək ordeni, 4 əməkdaşı  Azərbaycan Respublikasının Əməkdar mühəndisi fəxri adı, 4 əməkdaşı isə  “Tərəqqi” medalı ilə təltif olunmuşdur.