Oğuz-Qəbələ-Bakı su kəməri

photo_103Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təhcizatı sahəsində həyata keçirilən sonuncu və ən möhtəşəm layihələrdən biridir.

Oğuz-Qəbələ-Bakı su kəmərinin uzunluğu 262.5 km, diametri 2 000 mm, su buraxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özüaxımlıdır və şüşə lifli (GPR) borulardan layihələndirilmişdir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 km-lik hissəsi polad borulardan layihələndirilmişdir.

Kəməri su ilə təmin etmək üçun Oğuz rayonu ərazisində 78 istismar, 20 müşahidə quyusu qazılmışdır. Layihədə quyuların məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılmışdır.

Quyulardan çixan su şəbəkə vasitəsilə magistral su kəmərinin başlanğıcında layihələndirilən  suqəbuledici kameraya daxil olur və xlorlanaraq hər birinin həcmi 10 000 kubmetr olan 2 su anbarına, oradan isə magistral kəmərə otürülür. Magistral kəmər boyu 3 yerdə təzyiq nizamlayıcı kameralar (Oğuz qurğular kompleksində,153-cü km-də və Abşeron qurğular kompleksində), 2 yerdə isə təzyiq qırıcı kameralar (31-ci və 158-ci km-də) layihələndirilmişdir. Ümumiyyətlə kəmərin iş rejiminə SCADA sistemi ilə nəzarət olunur. Su kəməri 8 rayonun ərazisindən keçir.

Oğuz-Qəbələ-Bakı su kəməri ilə Bakıya verilən suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğundur.

Oğuz-Qəbələ-Bakı su kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütünlüklə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir.