Elmi-tədqiqat işləri

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na  uyğun olaraq “Azərsu” ASC tərəfindən ölkə ərazisində şəhər və rayon mərkəzləri, qəsəbə və kənd yaşayış məntəqələrinin su təchizatı, kanlizasiya sistemlərinin və infrastrukturunun yaradılması və yenidən qurulması istiqamətində həyata keçirilən layihələr əhatəli tədqiqatlara, dünyanın müxtəlif ölkələrində su sektorunda əldə edilmiş elmi nailiyyətlərə, innovativ texnologiyalara əsaslanmaqla icra olunur. Hazırda  həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərində başlıca meyar layihələrin elmi nailiyyətlərə, əhatəli tədqiqatlara əsaslanmaqla icra edilməsidir. Bu baxımdan “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda aşağıdakı istiqamətlər üzrə elmi-tədqiqat işləri  həyata keçirilir:

  1. Su ehtiyatlarının inteqrasiyalı idarəedilməsinin Azərbaycan Respublikasında tətbiqi istiqamətində araşdırmaların aparılması;
  2. Azərbaycan Respublikasının içməli su təchizatı strategiyasının hazırlanması istiqamətində tədqiqatların aparılması;
  3. Su mənbələrinin tədqiqi və işlənməsi istiqamətində tədqiqatların aparılması;
  4. Su təmizləyici stansiyalarda avadanlıqların yuyulma sularının təkrar istifadəsi üçün suya qənaətedici texnologiyaların işlənib hazırlanması;
  5. Yaşayış sahələrinin və sənaye müəsissələrinin su təchizatı və tullantı suları sahəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və tövsiyələrin işlənməsi;
  6. Yeni inşa edilmiş su və kanalizasiya təmizləyici qurğularında suyun təmizləmə texnologiyalarının ölkədə qəbul edilmiş beynəlxalq İSO standartlarına cavab verməsi məqsədilə tövsiyələrin və tədbirlərin hazırlanması;
  7. Hidrotexniki qurğuların yeni və səmərəli konstruksiyalarının işlənməsi;
  8. İçməli suyun keyfiyyəti və qruntun öyrənilməsi istiqamətində tədqiqatların aparılması;
  9. Su hövzələrinin ekoloji problemlərinin öyrənilməsi.
  10. Müəssisələrin Su Təsərrüfatı, Ekoloji Pasportlarının işlənməsi və Texnoloji Reqlamentlərin hazırlanması.

 Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi

İnstitutun qarşısında qoyulan məqsəd və vəzifələrlə əlaqədar aparılan elmi-tədqiqat işləri tətbiqi xarakter daşıyır və institutun fəaliyyətinin əsas istiqamətlərini əhatə edir. Bu da respublikada su təchizatının, tullantı suların kənarlaşdırılmasının və hidrotexniki tikintinin əsas prioritet problemlərini həll etməyə imkan yaradır. Son on il ərzində  su təchizatı sahəsində bir çox elmi-tədqiqat işləri aparılmışdır. Bunlardan “Kür və Ceyranbatan stansiyalarında istehsal olunan içməli suyun keyfiyyətinin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına  uyğun səviyyəyə çatdırılması” elmi-tədqiqat işini qeyd etmək olar. Bu işlərin aparılması nəticəsində stansiyalarda suyun təmizlənməsinin texnoloji iş rejimi və texnoloji sxemi təkmilləşdirilmiş, təmizlənmiş içməli suyun keyfiyyəti yaxşılaşdırılmışdır.

Kür və Ceyranbatan su  təmizləyici qurğularında aparılan tədqiqatların nəticəsində qurğularda yenidənqurma işləri həyata keçirilmişdir. Bundan başqa Kür və Ceyranbatan kəmərlərində Almaniyanın “Ciba” firmasının istehsalı olan Maqnaflok LT-31 və LT-25 markalı üzvi flokulyantlardan istifadə etməklə innovativ su təmizləmə texnologiyası hazırlanmış və bu işlərin tətbiqi nəticəsində təmizləyici qurğuların effektivliyi və iqtisadi səmərəliliyi artmışdır.

I və II Bakı su kəmərlərində, Ceyranbatan və Kür su təmizləmə qurğularında emal proseslərinə verilən suda müxtəlif səbəblərdən baş verən keyfiyyət dəyişmələrinin təsirləri müəyyən edilmişdir. Suyun təmizlənməsi və zərərsizləşdirilməsi üçün dəqiqləşdirilmiş Texnoloji Reqlamentlər hazırlanmışdır. Kür və Ceyranbatan baş su təmizləyici qurğularında, Bakı Sukanal İdarəsinin  nəzdində olan su anbarları və yüksək məhsuldarlıqlı nasos stansiyalarında, respublikanın iri şəhərlərinin (Sumqayıt, Şirvan, Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Saatlı və s.)  su təchizatı və kanalizasiya sistemlərində təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması məqsədilə ekoloji monitorinq aparılması tədbirləri hazırlanmışdır.

Su təchizatı və kanalizasiya sistemlərinin istismarı ilə əlaqədar olan qanunvericilik aktlarına və normativ texniki sənədlərə əsasən hər bir müəssisənin su axıntısına görə zərərli maddələrin Buraxıla Bilən Axıntı Həddinin hesablanmış sənədi hazırlanmışdır. Bunun əsasında “Azərsu”ASC-nin balansında olan kanalizasiya təmizləyici stansiyalarından Xəzər dənizinə axıdılan zərərli maddələrin Buraxıla Bilən Axıntı Həddləri ayrı-ayrı müəssisələr üçün hesablanmış və təsdiq edilmişdir. Layihədə dənizə axıdılan konkret tullantı suların tərkibində olan spesifik qarışıqların zərərli təsirinin dərəcəsi, su hövzəsinin vəziyyətini xarakterizə edən hidroloji rejimin dəyişilmə mümkünlüyü kimi faktorlar nəzərə alınmışdır.

Təmizləyici stansiya və onun qurğularının lazımi qaydada işləməsi üçün ayrı-ayrı qurğuların və ümumiyyətlə bütün stansiyanın istifadə və istismar qaydaları Texnoloji Reqlamentdə təsvir olunmuşdur. İnstitutda mövcud təmizləyici stansiyaların hər biri üçün Ekoloji Pasportlar işlənib hazırlanmışdır. İnstitutda yerinə yetirilən elmi-tədqiqat işləri I-II Bakı, Kür, Ceyranbatan su kəmərlərində, Hövsan Aerasiya Stansiyasında, Buzovna və Sumqayıt təmizləyici qurğularında və s. tətbiq olunmuşdur.

Hal hazırda institutda aşağıdakı elmi-tədqiqat proqramları icra edilir:

  1. Su təchizatı mənbələrinin monitorinq sistemlərinin təşkili sxemlərinin hazırlanması;
  2. Su təchizatı mənbələrinin monitorinqinin aparılması, sugötürücü qurğuların işinin təkmilləşdirilməsi üzrə  təkliflərin hazırlanması;
  3. Su anbarlarında yaranan bərk maddələrin yaranma səbəblərinin tədqiqi, anbarların havalandırma sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərinin hazırlanması;
  4. Tullantı sularının təmizləyici qurğularında formalaşan bərk maddələrin təkrar istifadəsi istiqamətində tədqiqatların aparılması;
  5. Girdmançay, Göyçay, Turyançay, Talaçay, Pirsaatçay, Qusarçay və Qudyalçayda sugötürücü qurğuların mühafizə zonalarında məcrayuma proseslərinin tədqiqi və proqnozlaşdırılması;
  6. Su mənbələrinin qıtlığı şəraitində dağlıq və dağətəyi ərazilərdə lokal su anbarlarının və spesifik sugötürücülərin yaradılmasının geoloji-hidroloji, ekoloji və iqtisadi əsaslandırılması;
  7. Su təchizatı şəbəkələrində itkilərin tədqiqi (pilot variant – Sumqayıt şəhəri).